"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ş.Bədəlova: “Vətəndaşlar əsasən bələdiyyəyə torpaqla bağlı müraciət edirlər”

--2015-07-28 / 19:21

“Vətəndaşlar indi-indi əmlak və torpaq vergisini ödəməyə maraq göstərir”. Bu fikirləri belediyye.info saytına açıqlamasında Səngəçal bələdiyyəsinin sədri şəlalə Bədəlova deyib: “Demək olmaz ki, bu proses sürətlə gedir. Amma bələdiyyə tərəfindən aparılan maarifləndirmə işləri nəticəsində əhali vergilərin ödənilməsinə maraq göstərir.

Bizim qəsəbə kiçikdir və həm də əvvəl əmlak vergisi 40 qəpikdən müəyyən olunmuşdur, lakin bu rəqəm sonra zonalara görə dəyişdi. Ona görə də bizdə ötən ayda ləngimələr oldu. Bu səbəbdən də ötən 6 ayda göstəricilərimiz zəifdir. Amma buna baxmayaraq, son 6 ayda yığım təxminən 3 min manat dəyərindədir”.

ş.Bədəlova deyib ki, bələdiyyənin heç bir borcu yoxdur. Onun sözlərinə görə, həmçinin bələdiyyə əməkdaşlarının əmək haqları ödənilir və bu sahədə hər hansı problem olmayıb: “Bələdiyyəyə əlavə gəlir mənbəyi yaratmaq məsələsinə gəlincə, onu deyə bilərəm ki, bizim qəsəbəmiz kiçikdir və burada hər hansı biznes strukturu olsun. Qəsəbəmiz dəniz kənarındadır və balıqçılıqla məşğul olanlar var. Biz onlara vergi ödəmək üçün müraciət etmişik. Onlar da hələ ki, vergi ödəməyiblər. Sadəcə, onlar indiyədək vergiyə cəlb olunmayıb və biz bu ildən bunu tətbiq etməyə başlamışıq. inanıram ki, buna nail olacağıq”.

Bələdiyyə sədri qeyd edib ki, hər hansı problemin həllində icra hakimiyyəti lazımi dəstək göstərir. ş.Bədəlova qeyd edib ki, vətəndaşlar əsasən bələdiyyəyə torpaqla bağlı müraciət edirlər: “Amma hər kəsə məlumdur ki, torpaq satışı hərrac vasitəsilə həyata keçirilir. Lakin məlum səbəblərdən hərrac komissiyası fəaliyyət göstərmir. Buna baxmayaraq, bizə müraciət edən vətəndaşların ərizələrini qəbul edirik və komissiya fəaliyyətə başladıqdan sonra bu məsələlərə baxılacaq”.

Bəxtiyar Məmmədli

ŞƏRHLƏR